Menu
RSS
Azərbaycanın dövlət büdcəsinin kəsiri 546 milyon manata çatıb

Azərbaycanın dövlət büdcəsinin kəsi…

Bu ilin yanvar-iyun aylarında Azərbaycan...

Azərbaycan nefti cüzi ucuzlaşıb

Azərbaycan nefti cüzi ucuzlaşıb

Azərbaycanın dünya bazarına çıxararaq sa...

Avropanın ən böyük almazı tapıldı

Avropanın ən böyük almazı tapıldı

Rusiyanın Arxangelsk vilayətində Avr...

"Qarabağ"ın oyunu üçün xüsusi avtobuslar ayrıldı

"Qarabağ"ın oyunu üçün xü…

“Qarabağ”ın UEFA Çempionlar Liqasında Al...

51 abituriyentin qiymətində dəyişiklik edildi

51 abituriyentin qiymətində dəyişik…

I və IV ixtisas qrupları üzrə keçirilən ...

Pomidor ucuzlaşacaq – Nazirlikdən AÇIQLAMA

Pomidor ucuzlaşacaq – Nazirlikdən A…

İndiyədək məhsul yığılan sahələrin əksər...

Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb

Azərbaycanda iyulun 17-də gözlənilən hav...

Şəki Xan Sarayında baş verən hadisə zamanı xəsarət alanların son durumu açıqlanıb

Şəki Xan Sarayında baş verən hadisə…

Səhiyyə Nazirliyi Şəki Xan Sarayının həy...

Azərbaycan nefti yenidən bahalaşıb

Azərbaycan nefti yenidən bahalaşıb

Azərbaycanın dünya bazarına çıxararaq sa...

Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi vəzifəsindən azad edilib

Dövlət Əmək Müfəttişliyi Xidmətinin…

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirl...

Əvvəlki Sonrakı

Yüz yaşı tamam olmuş SYKES-PİCOT MÜQAVİLƏSİ

Yüz yaşı tamam olmuş SYKES-PİCOT MÜQAVİLƏSİ

Həmmüəlliflərin soyadları ilə tanınan Sykes-Picot müqaviləsi Fransa və İngiltərə arasında Orta Şərqin Osmanlı dövlətindən sonrakı siyasi taleyini müəyyənləşdirmişdi. Şərtləri, hökmləri və maddələri ingilis Mark Sykes və fransız François Picot tərəfindən qələmə alınan bu müqavilə 16 may 1916-cı ildə imzalanmışdır. Orta Şərqin müasir xəritəsi bu müqaviləni əsas alan digər anlaşmalar nəticəsindəformalaşmışdı. İraq, Suriya, İordaniya, Fələstinin kimi dövlətlər bu müqavilənin övladlarıdır desək mübaliğə etmiş olmarıq.Üzərindən bir əsr keçən bu müqavilə Orta şərqə sülh və əmin-amanlıq gətirmədi. Əksinə son yüz ildə Orta Şərqdən qan və göz yaşı heç əskik olmadı.

Sykes-Picot müqaviləsi belə demək mümkünsə artıq müasir tələblərə cavab vermir, bəziləri ən yeni tarixi dövrdə meydana gəlmiş global və regional siyasi aktyorları qane etmir. Baş verən hadisələr bunu deməyə əsas verir ki, sözügedən müqavilənin şərtləri üzərində korreksiya etmək istəyən müqavilənin ideya müəllifinin özü, yəni Qərbdir. Regional və beynəlxalq siyasi səhnədə bariz bir şəkildə nəzərə çarpmağa başlayan kürdlər siyasi istiqlaliyyətə və ya ərazisində yaşadıqları dövlətlərdə geniş hüquqlara sahib olmaq istəklərini artıq daha əminliklə dilə gətirməkdədirlər. Səddam sonrası İraqın faktiki olaraq parçalanması və ölkənin şimalında bir kürd muxtariyyətinin meydana gəlməsi bu istiqamətdə onların nöqtəyi-nəzərindən irəliyə doğru atılmış addım sayıla bilər. Bu hadisə regionda kürdlərin sıx yaşadıqları Türkiyə, İran və Suriya kimi dövlətlərin daxilində gedən siyasi proseslərə öz təsirini göstərmişdir.

Kürd faktorunun Orta Şərqin gələcək siyasi taleyinin müəyyənləşdirilməsində həlledici amillərdən biri olacağı şübhəsizdir. Etnik kimlik olaraq kürdlər Sykes-Picot müqaviləsi ilə haqsızlığa uğradıqlarını düşünməkdədirlər. Belə ki, sözügedən müqavilə kürd etnik kimliyini bölmüşdür. Bu müqavilə nəticəsində meydana gəlmiş İraq, Səddam Hüseyn dövründə uzun müddət sünni ərəblərin hakim olduqları bir dövlət olmuşdur. Səddam sonrası İraqda şiə ərəblərin ön plana çıxması, bunun paralelində məzhəb amilinin İranın rəsmi Bağdad üzərində təsir amilinə çevrilməsini sünni ərəblərin və sünni kürdlərin məmnunluqla qarşılamalarını gözləmək əbəs olardı. Sadaladığımız amillər etnik və inanc zəminində İraqın faktiki üç ayrı qismə parçalanması üçün zəmin hazırlamışdır.

Suriyada da bənzər bir mənzərəni müşahidə etmək mümkündür. Sykes-Picot müqaviləsi sonrasında Orta Şərqdə meydana gəlmiş digər bir dövlət olan Suriyanı yarım əsrə yaxın idarə edən Əsəd ailəsi ələvi-nuseyri azlığa mənsubdur. Suriyanın şimal-qərbində, sahil bölgəsində məskunlaşan ələvi-nuseyri ərəblər Əsəd rejiminin əsas dayağı olmuşdur. Suriya əhalisinin əksəriyyətini təşkil edən sünni ərəblərin Hafiz Əsədə qarşı çıxışları amansızlıqla və qanlı bir şəkildə yatırılmışdı. Suriyanın şimalındakı kürdlər ümumiyyətlə təməl vətəndaşlıq haqlarından məhrum olaraq yaşamışdılar. İraq ilə Suriyanı bir-birindən ayıran düz sərhəd xətti isə əslində orta şərqin sünni ərəb əhalisini sün’i bir şəkildə bölməkdədir. Çünki bu sərhəd xəttinin hər iki tərəfində eyni qəbilə və əşirətlərə mənsub, fəqət iki ayrı dövlətin vətəndaşı olmaq məcburiyyətində qalmış insanlar yaşamaqdadırlar.

Beləcə Sykes-Picot müqaviləsi nəticəsində meydana çıxmış, etnik və inanc amilləri nəzərə alınmadan, ictimai və demoqrafik reallıqlardan uzaq olaraq meydana gətirilmiş sərhəd xətləri ilə Orta Şərqdə parçalanmanın və bölünmənin təməli qoyulmuşdu. Belə demək mümkünsə, bu sadəcə bir başlanğıc idi. Çünki bu müqavilə həlli müşkül bir sıra yeni problemlərin meydana gəlməsinə səbəb olmuşdu. Bu silsilə şəkildə davam etməsi qaçınılmaz olan bir parçalanma və bölünmə idi. Soyuq müharibə dövründəki qütbləşmə fonunda bu problemlər arxa plana atılmışdı. Lakin SSRİ-nin dağılmasından sonra bu problemlər daha aydın və daha qabarıq şəkildə üzə çıxmağa başladı.

Bu gün İraq və Suriyada baş verən silahlı toqquşmalar parçalanmanın daha da dərinləşməsini və şaxələnməsini qaçınılmaz hala gətirməkdədir. Əsasən etnik və inanc-məzhəb zəminində baş verən bu silahlı toqquşmaların, vətəndaş müharibələrinin sona çatması problemi bütünü ilə aradan qaldırmayacaqdır. Belə ki, əgər sözü gedən silahlı toqquşmalar sülh danışıqları nəticəsində sona çatacaqsa bu danışıqlarda iştirak edən tərəflər masa arxasında hüquqi kimlik qazanmış olacaqlar. Yox əgər mövcud rejimlər tərəfindən hərbi qüvvədən istifadə edilərək sona çatdırılacaqsa bu müvəqqəti xarakter daşıyacaqdır. Çox yaxın gələcəkdə başqa bir formada meydana çıxmayacağına da heç kim zəmanət verə bilməz. Başqa sözlə var olan bu etnik və dini ziddiyətlərin üzərini “anti-terror əməliyyatları” ilə örtmək elə də asan olmayacaq.

https://fb-s-d-a.akamaihd.net/h-ak-xfp1/v/t1.0-0/s261x260/16681827_1882008065389557_1987088664541795228_n.jpg?oh=6a60de82a1169de72264e25dc1ff6c17&oe=594152CF&__gda__=1497472025_d7d521a9809cf400ea478b47b47950da

 Yarım əsrdən artıq öz həllini tapa bilməyən Fələstin məsələsinin də Sykes-Picot müqaviləsinin “övladı” olduğunu nəzərə alaraq Suriya və İraqda, eləcə də bütünlüklə Orta Şərqdə yeni və ciddi bir prosesin başlamış olduğunu deyə bilərik. Onu da qeyd etmək lazımdır ki, mövcud problemi sadəcə daxildəki etnik və inanc əsaslı ziddiyətlər dərinləşdirmir. Xarici faktorlar da burada mühüm rol oynayır. Regional və global siyasi aktyorlar məsələyə bu zamana qədər öz mənafeləri baxımından yanaşdıqları üçün problemin həllindən çox dərinləşməsinə xidmət etmişlər.

Ziddiyətlərin silahlı toqquşmaya çevriləcək qədər dərinləşməsində İraq və Suriyada mövcud olan siyasi sistemin də böyük rolu olmuşdur. Belə ki, var olan siyasi sistemlər problemlərin sivil çözümü, həlli üçün heç bir konkret fikir, layihə ortaya qoya biləcək bacarığa və dinamikliyə sahib deyillər. Sözsüz ki, avtoritar rejimlərdə ictimai problemlərin sivil həlli heç gözlənilən də deyil. Orta Şərqdəki mövcud sərhədlərin ötən əsr boyunca ictimai və demoqrafik reallıqlardan uzaq və sün’i olaraq meydana gətirilmiş olması problemin meydana gəlməsində təkanverici rol oynamışdır.

Problemin dərinləşməsi və yeni bir parçalanma mərhələsinə qədəm qoymasının əsas səbəblərindən biri də iqtisadi amillərdir. Soyuq müharibə dövründə İraq və Suriyanın yarım əsrə yaxın bir müddətdə avtoritar rejimlər və “tək adam”lar tərəfindən idarə olunması iqtisadi resursların tək əldə cəmləşməsinə, sərbəst rəqabət mühitinin formalaşmamasına, inhisarçılığın meydana gəlməsinə, dövlət aparatının iqtisadi-ticari məsələlərə həddən artıq müdaxilə etməsinə səbəb olmuşdu. Bu da rifah səviyyəsinin yüksəlməməsinə gətirib çıxarmışdır. Başqa sözlə mövcud siyasi sistemlər təmin etdikləri həyat standartları baxımından da vətəndaşları üçün cazib və arzu olunan hala gələ bilməmişdilər. İctimai tələblərə müsbət və gözlənilən cavab verməsi heç bir şəkildə mümkün olmayan rejimlərin uzun müddət öz varlığını qoruya bilmələri xeyli müşkül bir məsələdir.

 

Kamal ƏŞRƏFOĞLU

back to top
Təsisçi və baş redaktor:
Vüsal Əliyev
E-Poçt: info@dunyamedia.com Materiallardan istifadə zamanı
http://dunyamedia.az saytına
istinad zəruridir.

Live Internet

Alətlər

Haqqımızda